BAKI, 17 noyabr. TELEQRAF
"Dövlət büdcəsinin uğuru yalnız ayrılan vəsaitin həcmi ilə deyil, onun insanların gündəlik həyatında yaratdığı real dəyişikliklərlə ölçülməlidir. Bu baxımdan, son illərdə görülən işləri müsbət qiymətləndirirəm. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, sosial infrastrukturun inkişafı dövlət siyasətinin real nəticələridir".
Teleqraf xəbər verir ki, bunu deputat Sevinc Fətəliyeva Milli Məclisin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, təqdim olunan büdcənin əsas prioritetləri – əhalinin sosial rifahı, müdafiə qabiliyyətimizin gücləndirilməsi, Böyük Qayıdış və regionların inkişafı – bu siyasətin davamlılığını göstərir: “Qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması da iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm göstəricidir.
Vaşinqtonda paraflanmış sülh sazişi regionda davamlı sülhün bərqərar olması və yeni nəqliyyat-kommunikasiya imkanlarının açılması üçün tarixi fürsət yaradır. Bu mərhələdə müdafiə və təhlükəsizlik xərclərinin prioritet kimi saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Təhsil və səhiyyəyə ayrılan vəsaitlərin artırılmasını xüsusilə yüksək dəyərləndirirəm. İnsan kapitalına qoyulan sərmayə ən etibarlı investisiyadır. Lakin bu vəsaitin səmərəsi məhz yerlərdə – məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin vəziyyətində ölçülür.
Bu məqsədlə diqqətinizi Bakı şəhərinin Suraxanı rayonunun, xüsusilə Hövsan və Yeni Suraxanı qəsəbələrinin sakinlərini narahat edən məsələlərə yönəltmək istəyirəm”.
Deputat bildirib ki, Suraxanı paytaxtın əhalisi çox olan və sürətlə inkişaf edən rayonlarından biridir: “Lakin rayonun bəzi yaşayış məntəqələrində hələ də həllini gözləyən ciddi infrastruktur problemləri mövcuddur.
Birincisi, Hövsan və Yeni Suraxanı qəsəbələrində mövcud su xətlərinin yenilənməsinə, köhnəlmiş boruların dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var. Bu, yalnız kommunal xidmət deyil, insanların sağlamlığı və sanitar-gigiyenik şəraiti ilə birbaşa bağlı məsələdir. Qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması da sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir.
İkincisi, Hövsan kanalının vəziyyəti ciddi narahatlıq doğurur. Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilsə, çox yaxşı olar.
Digər məsələ, Hövsandakı 118 saylı və Yeni Suraxanıdakı 316 saylı tam orta məktəblərdə şagird sıxlığı müşahidə olunur və düşünürəm ki, əlavə tədris korpuslarının tikilməsi bu problemin həllinə kömək edər.
Hövsan qəsəbəsində poliklinikaların və Sağlamlıq Mərkəzinin fəaliyyət göstərməsinə baxmayaraq, əhalinin sayının artması nəzərə alınaraq, geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşası imkanlarına da baxılmasını təklif edirəm.
Əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış layihələr – Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, Yeni Suraxanıda yeni uşaq bağçasının inşası – yenidən nəzərdən keçirilsə və onların icrası üçün müvafiq maliyyə mexanizmləri müəyyən edilsə, yaxşı olar".
Deputat onu da qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur: "Bu ərazinin inkişafı üçün kompleks infrastruktur planının hazırlanması məqsədəuyğun olardı.
Bundan başqa, iş axtaran, lakin peşə bacarığı olmadığı üçün iş tapa bilməyən gənclərimiz üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasına böyük ehtiyac var.
Təklif edirəm ki, Hövsan və Yeni Suraxanı qəsəbələri üzrə qeyd olunan məsələlərin həlli 2027-ci ilin müvafiq investisiya və infrastruktur proqramlarında nəzərə alınsın".