BAKI, 17 noyabr. TELEQRAF
"Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər, beynəlxalq mövqelərinin möhkəmlənməsi və yeni geoiqtisadi reallıqlar ölkəmizin qarşısında daha geniş inkişaf imkanları açır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi siyasət dövlətimizin maliyyə və iqtisadi potensialının gücləndirilməsinə, milli prioritetlərin mərhələli şəkildə reallaşdırılmasına möhkəm zəmin yaradır".
Teleqraf xəbər verir ki, bunu deputat Fatma Yıldırım Milli Məclisin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi də məhz bu strateji yanaşmanın davamı kimi qiymətləndirilməlidir: “Büdcə ölkənin gələcək inkişaf istiqamətlərini, iqtisadi imkanlarını və sosial prioritetlərini əks etdirən mühüm maliyyə sənədidir.
Bu baxımdan, yeni büdcə imkanlarının iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, özəl sektorun gücləndirilməsinə, regionlarda infrastruktur layihələrinin genişləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Büdcə vəsaitlərinin səmərəli istifadəsi baxımından Hesablama Palatasının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Palatanın büdcə xərclərinə audit nəzarəti, dövlət satınalmalarının təhlili, maliyyə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirirəm. Bu nəzarət mexanizmlərinin gücləndirilməsi büdcə siyasətinin nəticəyönümlü qurulması və dövlət resurslarının daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qarşıdakı dövrdə əsas vəzifələrdən biri büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin etmək, ayrılan maliyyə resurslarının konkret iqtisadi və sosial nəticələrə çevrilməsinə nail olmaqdır. Xüsusilə regionların inkişafına, yeni iş yerlərinin yaradılmasına, infrastrukturun yenilənməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələr diqqət mərkəzində saxlanılmalıdır. Bu kontekstdə təmsil etdiyim Bərdə rayonunun da bir sıra vacib ehtiyaclarını diqqətinizə çatdırmaq istəyirəm”.
Deputat bildirib ki, Bərdədə diqqət tələb edən əsas sosial məsələlərdən biri səhiyyə infrastrukturunun yenilənməsi və müasir xəstəxananın tikintisidir: "Rayonun əhalisinin sayının 200 minə yaxın olduğunu və ətraf rayonlardan olan müraciətlərin intensivliyi nəzərə alaraq, müasir tibbi avadanlıqlarla təchiz edilmiş, geniş müalicə imkanlarına malik yeni xəstəxananın inşasına ehtiyac var. Qeyd etmək istəyirəm ki, təşəbbüsümüzlə 2023-cü ildə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələrinin iştirakı ilə Bərdədə bu məsələ ilə bağlı görüş keçirmişdik və sakinlərin müraciətləri aidiyyəti orqanların nümayəndələrinə çatdırmışdıq.
Vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmaması, tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından bu məsələ xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, məsələnin müvafiq dövlət proqramlarında öz əksini tapması üçün aidiyyəti qurumlara müraciət edirəm.
Bərdə rayonunda diqqət tələb edən digər mühüm məsələ ictimai nəqliyyat xidmətinin mövcud vəziyyətidir. Rayonda sərnişindaşıma xidmətində istifadə olunan marşrut avtobuslarının bir qismi köhnəlib, texniki və komfort baxımından müasir tələblərə cavab vermir. Bu məsələ ilə bağlı seçicilərim tərəfindən bizə mütəmadi olaraq çox sayda müraciətlər daxil olur. Hesab edirəm ki, regionlarda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğun avtobusların istifadəyə verilməsi aidiyyəti qurumların diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə konkret tədbirlərin görülməsini vacib hesab edirəm.
Bərdə rayonunda növbəti vacib məsələ yol infrastrukturunun yenilənməsidir. Türkmən, Həsənqaya, Qayalı, Çəmənli, Birinci Qazaxlar, Şorəlli, Hacıəhmədli və Cumalar kəndlərinin yollarının, eləcə də Bərdə şəhərinin bir sıra küçə və ara yollarının əsaslı təmirinə, asfalt örtüyünün yenilənməsinə ehtiyac var. Bu məsələlərin mərhələli şəkildə dövlət investisiya proqramına daxil edilməsini və həlli istiqamətində aidiyyəti qurumların tədbirlər görməsini xahiş edirəm”.
Fatma Yıldırım əminliyini ifadə edib ki, 2027-ci ilin dövlət büdcəsinin uğurla icrası ölkəmizin iqtisadi qüdrətinin daha da artırılmasına xidmət edəcəkdir.