BAKI, 15 noyabr. TELEQRAF
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən silahlı birləşmələr ölkənin müvəqqəti paytaxtı Ədənin təhlükəsizliyini təmin etmək məqsədilə cənub-qərbdəki Bəbül-Məndəb boğazı və Zübab dairəsindən qüvvələrini çıxararaq yenidən yerləşdirib.
Teleqraf Qətərin "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Yəmənin Cənub Qüvvələrinin komandanlığı bu addımın yenidən təşkilatlanma, Ədən və qonşu əyalətlərin müdafiəsi, eləcə də Taiz şəhərinin mühasirədən çıxarılması məqsədi daşıdığını açıqlayıb.
Silahlı qüvvələrin nümayəndəsi isə Bəbül-Məndəb boğazının dünya ticarəti üçün əhəmiyyətini nəzərə alaraq, beynəlxalq ictimaiyyəti sahilyanı ərazilərin azad edilməsinə dəstək verməyə çağırıb.
Qeyd olunub ki, yerdəyişmə "Ənsar Allah" hərəkatının (husilər) Ləhc əyalətində hökumət mövqelərinə təzyiqinin artması fonunda baş verir. Husilərin nəzarətində olan SABA agentliyi isə hərbi mənbəyə istinadən hökumətyönlü birləşmələrin şiddətli toqquşmalardan sonra itki verərək arxa mövqeləri tərk etdiyini və Ədən istiqamətində geri çəkildiyini iddia edib.
Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan bəri husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında qarşıdurma davam edir. 2026-cı ilin sentyabrında Moxa liman şəhərini və Bəbül-Məndəb boğazı yaxınlığındakı əraziləri nəzarətə götürən husilərə qarşı hökumət qüvvələri oktyabrın 4-də genişmiqyaslı əməliyyata başlayıb.