BAKI, 17 noyabr. TELEQRAF
"Büdcə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da dövlətin və xalqın ən prioritet məsələsidir. Təkcə iqtisadi rifahımız deyil, mənəvi rifahımız da dövlət büdcəsinə, onun daha optimal hazırlanmasına bağlıdır. Çıxışımı fransız alimi Lui Pasterin məşhur fikri ilə başlamaq istəyirəm. Paster deyirdi ki, “elmin vətəni yoxdur, alimin isə vətəni olmalıdır”. Belə bir vətən duyğusunu, azərbaycanlı olmağın qürurunu biz həm də Yusif Məmmədəliyev, Xudu Məmmədov və digər görkəmli alimlərimizin timsalında yaşamışıq".
Teleqraf xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dövlətimiz elmin inkişafına kifayət qədər sərmayə qoyur: "Amma bu, təkcə xalqının daha da inkişaf etməsini istəyən dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin də mənəvi öhdəliyidir. Hamımız bilirik ki, elmdə təcrid fəlakətdir. Bu baxımdan, elmin inkişafı dünyanın aparıcı elm mərkəzləri ilə qarşılıqlı inteqrasiyanın nəticəsində mümkün olur. Bu barədə statistika bizə nə deyir? Gənc elmi potensialımız dünyanın aparıcı elm mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarını daha səmərəli aparmaları üçün dövlət büdcəmizdən kifayət qədər vəsait ayrılırmı?
Heç kəsə sirr deyil ki, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının əksəriyyəti, o cümlədən Pakistan əsilli Nobel laureatı Əbdüs Salam da, türkiyəli Nobelçi Əziz Səncər də məhz belə aparıcı elm mərkəzlərində yetişib. Biz də elmdə öz Nobelçimizi gözləyə bilərikmi? Təbii ki, bu, ayrı bir müzakirənin mövzusudur. İndiki halda insanları elmə təşviq etmək üçün birinci növbədə alimlərin maddi durumu nəzərə alınmalıdır. İnanırıq ki, 2027-ci il üçün büdcə layihəsində elm adamlarımızın sosial-iqtisadi rifahı da diqqətdən kənarda qalmayacaqdır".
Elnarə Akimova qeyd edib ki, qloballaşma çağının mətbuatı ümumdünya informasiya şəbəkəsində vahid platformanı bölüşür: "Yeni dövrün beynəlmiləl mahiyyətli informasiya daşıyıcıları — yəni elektron mətbuat əksərən milli mentaliteti və yaddaşı nəzərə almır. Halbuki mətbuat təkcə informasiya məkanı deyil, eyni zamanda yüz ildən sonra da hərəkətdə olacaq yaddaş fenomenidir. Bilirsiniz ki, 90-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı. Bu mətbu orqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda Ümummilli Liderimiz 1997-ci ilin noyabrında “Ədəbiyyat qəzeti”nin, “Ulduz”, “Azərbaycan” və “Qobustan”jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin orqanlar indi də öz mövcudluğunu 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirir. Ötən illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı baş verib. Biz həmin mətbuat orqanlarının nəşrini, fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq”.