BAKI, 17 noyabr. TELEQRAF
"Çox xoşdur ki, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə müstəqillik və suverenliyimizin bərpasının altıncı ildönümünə təsadüf edir. Respublikamızda son illər innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi, struktur və kadr islahatları, yeni iri sənaye və aqrar müəssisələrinin fəaliyyətə başlaması və digər tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir".
Teleqraf xəbər verir ki, Milli Məclisin Hesablayıcı komissiyanın sədri, professor Eldar Quliyev parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, təqdim edilən sənədlərin təhlili göstərir ki, bu artım 2027-ci ilin dövlət büdcəsində də öz əksini tapıb: “Belə ki, gələn il respublikamızda ÜDM-in 2,7 faiz artması gözlənilir. Bu da öz növbəsində həm gəlirlərin və həm də xərclərin bütün təsnifat paraqrafları səviyyəsində artımına zəmin yaradır. Bütün bunlar isə hörmətli Prezidentimizin uğurla həyata keçirdiyi iqtisadi siyasətin sayəsində qazanılır və gələcək illərdə də davam edəcək. Bunu büdcədə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün ayrılan büdcə vəsaitinin artım sürəti də təsdiq edir. Ən çox artım isə kənd təsərrüfatı və iqtisadi fəaliyyətlə bağlıdır. Bu da tam anlaşılandır. Ölkənin müdafiə qüdrətinin artırılması ilə yanaşı dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu mənada kənd təsərrüfatına daha çox investisiya qoyulması və dövlət dəstəyinin artırılması təqdirə layiqdir”.
Deputat bildirib ki, büdcə layihəsi ölkəmizdə aparılan iqtisadi siyasətin uğurlu nəticələri nəzərə alınaraq hərtərəfli qaydada təhlillərə əsaslanaraq hazırlanıb: “Burada hörmətli Baş nazirin və hökumət üzvlərinin olmasında istifadə edərək bəzi məsələlərə dair fikir bildirmək istəyirəm.
Torpaqlarımız işğal edildikdə qaçqın və köçkünlərin bir hissəsi təhsil müəssisələrinin yataqxanalarında məskunlaşdı. Hazırda Qarabağa Böyük Qayıdış Proqramı həyata keçirilir. Yaxşı olar ki, bu Proqramda ilk növbədə yataqxanalarda məskunlaşan əhalinin köçürülməsi təmin edilsin. Belə olarsa, həmin yataqxanalarda ehtiyacı olan tələbələrə əlverişli şərait yaratmaq olar. İkinci məsələ, Bakı şəhərində tıxacların, kanalizasiya və sel sularının yaratdığı narazılıqdır. Hesab edirəm ki, hökumət bu sahədə xarici ölkələrin təcrübəsini öyrənib xüsusi proqram hazırlasın və problemin aradan qalxması təmin edilsin. Eyni zamanda tikinti üçün ayrılan büdcə vəsaitinin bölgüsündə həqiqətən də təmirə ehtiyacı olan küçə və yollar nəzərə alınsın”.