BAKI, 17 noyabr. TELEQRAF

“Üçüncü təyyarədaşıyan gəminin və ya aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi ABŞ Prezidenti Donald Trampa çoxsaylı hərbi seçimlər verir və 24 saat ərzində fasiləsiz hərbi əməliyyatlara başlamaq imkanı yaradır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanının keçmiş müavini Mark Foks “Al-Hadath” telekanalına müsahibəsində deyib.

İranın qonşu ölkələrə, o cümlədən Bəhreyn və Səudiyyə Ərəbistanına hücumlarına toxunan Foks bildirib ki, Tehranın təhdidlərinə baxmayaraq, Hörmüz boğazı bağlı deyil və bu su yolu vasitəsilə neft daşımaları davam edir.

O əlavə edib ki, İranın neft sektorunun sanksiyalar altında olduğu nəzərə alınmadıqda, Hörmüz boğazından neft daşımalarının həcmi müharibə başlamazdan əvvəlki səviyyəyə qayıdıb: “Gəmilərə ayrı-ayrı hücumlar olsa da, minlərlə gəmi Hörmüz boğazından keçib və İran bu marşrutla neft daşımalarını dayandıra bilməyib”.

Mark Foks İranın öz hərbi imkanları ilə bağlı açıqlamalarını şişirdilmiş hesab etdiyini də bildirərək, bu iddialara böyük şübhə ilə yanaşmağın vacibliyini qeyd edib.