BAKI, 17 noyabr. TELEQRAF

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi Rusiya sərhədinə aparan Xada dərəsində körpünün tikintisini başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Keveşeti-Kobi avtomobil yolunun tikintisi çərçivəsində Xada dərəsində körpünün iki hissəsi birləşdirilib, həmçinin 300 metr uzunluğunda tağ konstruksiyasının inşası tamamlanıb. Körpünün ümumi uzunluğu 437 metr, dərənin dibindən hündürlüyü isə 166 metrdir. Gürcüstanda bu miqyasda başqa tağlı körpü yoxdur”, - məlumatda bildirilib.

Tikintinin növbəti mərhələsində dayaqların və sütunların inşası nəzərdə tutulur. İnfrastruktur Nazirliyi qeyd edib ki, 23 kilometrlik Keveşeti-Kobi yolunda yerləşən tağlı körpü mürəkkəb mühəndis qurğularından biridir. Bundan əlavə, Keveşeti-Kobi avtomobil yolunda daha dörd körpü və beş tunel inşa ediləcək. Hakimiyyət orqanları mövcud körpülərdən birinin də təmirini planlaşdırır.

Gürcüstanın ən uzun tunelinin - Xaç aşırımının altından keçən 9 kilometrlik tunelin tikintisi də artıq başa çatıb.

Nazirliyin məlumatına görə, yeni Keveşeti-Kobi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin və beynəlxalq E117 Avropa marşrutunun bir hissəsidir.

Layihə Gürcüstan hökumətinin, Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ümumi dəyəri 1,2 milyard laridir (463 milyon ABŞ dolları).