BAKI, 17 noyabr. TELEQRAF
Bakı-Qazax avtomagistralında səhhəti pisləşən əcnəbi yük avtomobili sürücüsünə yol polisləri kömək ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, magistral üzərində yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkət etdiyini müşahidə edərək nəqliyyat vasitəsini saxlayıblar. Sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını deyib.
Sürücüyə dərhal ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Səhhəti normallaşan sürücü polis əməkdaşlarına təşəkkürünü bildirib.
BDYPİ son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edib.