BAKI, 17 noyabr. TELEQRAF
Böyük Britaniya Azərbaycanla regional və qlobal məsələlərə dair bir çox mövzuda ortaq mövqedən çıxış edir.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, London Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyi alqışlayır.
Dunkan Norman İran ətrafında münaqişənin sona çatmasının və dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazının tam açılmasının vacibliyini vurğulayıb:
“Gərginliyin azaldılması və boğazın açılması üçün diplomatik səylər davam etdirilir”.
Diplomat Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişləri də müsbət qiymətləndirib:
“Davamlı sülhün təmin olunması üçün dialoq və əməkdaşlıq yolu ilə mövcud müsbət dinamikanın qorunması vacibdir”.
O, Cənubi Qafqazın daha dinc və əlaqəli gələcəyə doğru irəlilədiyi bir dövrdə Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının əhəmiyyətinin artdığını bildirib.