BAKI, 17 noyabr. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun “qanun və güc” barədə fikirlərini İŞİD terror təşkilatının məntiqi ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, iranlı diplomat Rubionun açıqlamasını “terrorizmə və cəngəllik qanunlarına zəmin yaradan mövqe” adlandırıb.
“Əgər ABŞ əlində qılınc tutduğuna görə qanunlara tabe olmamalı olduğunu düşünürsə, beynəlxalq ictimaiyyət bu məntiqlə İŞİD-in məntiqi arasında fərqi necə müəyyən edəcək?”, - Bəqayi X-də yazıb.
O, Adolf Hitler dövründə milli təhlükəsizlik adı altında fundamental hüquqların dayandırılmasını xatırladaraq, ABŞ-ni İrana qarşı müharibəni mənəvi və təhlükəsizlik xarakterli iddialarla əsaslandırmaqda, eyni zamanda özünü hüquqi məsuliyyətdən kənarda saxlamaqda ittiham edib.
XİN-in sözçüsü həmçinin qeyd edib ki, amerikalılar Rubionun bu açıqlamasındakı ciddi təhlükəni görməlidir: “Özünü cilovlaya bilməyən güc gec-tez başqalarının azadlıqlarını boğacaq”.
Marko Rubio bundan əvvəl Vaşinqtonda “Federalistlər Cəmiyyəti”nin hüquqşünaslar üçün təşkil etdiyi konfransda Beynəlxalq Cinayətlər Məhkəməsini tənqid edərək, ABŞ-nin bu məhkəmənin yurisdiksiyasını tanımadığını söyləyib.
O xəbərdarlıq edib ki, əgər məhkəmə ABŞ vətəndaşlarına qarşı öz qərarlarını icra etməyə çalışarsa, Vaşinqtonun cavabı Roma sərkərdəsi Pompeyin cavabına bənzəyəcək: “Əlində qılınc tutanlara qanundan danışmayın”.