BAKI, 6 oktyabr. TELEQRAF
Qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Yəmənin cənub-qərbindəki Taiz vilayətində Prezident Rəhbərlik Şurasının Sədri Rəşad əl-Əliminin evini ələ keçirdiklərini bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
O, Yəmənin legitim liderini “xain” adlandırıb.
“Yəmən Silahlı Qüvvələrinin (husiləri nəzərdə tutur – red.) xain Rəşad əl-Əliminin evinə girməsinin ilk görüntüləri “, - Səriya Teleqram kanalında yazıb.
Məlumat silahlıların binanın qarşısında olduğu görüntülərlə müşayiət olunub.
Oktyabrın 5-də Yəmən Prezidenti paytaxt Səna şəhərinin qiyamçılardan azad etmək məqsədilə “Yəmənin Sübhü” adlı genişmiqyaslı hərbi əməliyyatın başlandığını açıqlayıb. Yəmən hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə husiləri Zübab rayonundan çıxarıb və Bab əl-Məndəb boğazına nəzarəti bərpa edib. Koalisiya 100 qırıcı təyyarə ilə Yəmən ordusunun irəliləyən qüvvələrinə havadan dəstək verib.