BAKI, 24 noyabr. TELEQRAF

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanla ölkəsi arasında uzun illərdir davam edən əməkdaşlığın Avropanın enerji təhlükəsizliyi və bağlantılarının şaxələndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Teleqraf xəbər verir ki, bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Avropada təhlükəsizliyin təmin olunması Azərbaycan-Gürcüstan əməkdaşlığı və uzun illər ərzində həyata keçirilən birgə layihələr əsasında formalaşan reallıqdır:

“Enerji təhlükəsizliyi, enerji asılılığının azaldılması, təchizat mənbələrinin şaxələndirilməsi və bağlantıların inkişafı Avropanın gündəliyində mühüm yer tutur. Bu istiqamətlərdə Cənubi Qafqazın əhəmiyyəti getdikcə artır”.

Maka Boçorişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında onilliklər ərzində formalaşan sıx əməkdaşlıq, dostluq və tərəfdaşlıq əlaqələri Avropa təhlükəsizliyi baxımından da əhəmiyyətlidir.

O, Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunaraq bildirib ki, bu istiqamətdə dialoqun və əməkdaşlığın gücləndirilməsi vacibdir.

Nazir əlavə edib ki, Azərbaycan və Gürcüstan Avropa təhlükəsizliyinə töhfə vermək, əməkdaşlıq və tərəfdaşlığı davam etdirmək, müxtəlif regionlarda sabitliyə dəstək göstərmək niyyətindədir.