BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan Ermənistana neft məhsullarının ixracına Gürcüstanın nəqliyyat sistemindən istifadə etməklə başlayıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, ötən ildən etibarən Azərbaycan Ermənistana gedən yüklərin tranzitinə icazə verib:
“Bu il isə növbəti addım atılaraq Ermənistana neft məhsullarının ixracına başlanıb. Daşımalar Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilir”.
Ceyhun Bayramov bu prosesdə Gürcüstanın rolunu yüksək qiymətləndirərək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, bu addımlar regionda etimadın və əməkdaşlığın formalaşmasına töhfə verir.