BAKI, 24 noyabr. TELEQRAF
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, əməkdaşlıq sahəsində müəyyən nəticələr əldə olunsa da, iki ölkənin potensialı daha böyükdür:
“Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi və mövcud imkanlardan tam istifadə olunması məmnunluq doğurardı”.
Maka Boçorişvili, həmçinin görüşdə regional əməkdaşlıq formatları barədə danışdıqlarını bildirib.
O, Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə toxunub.