BAKI, 24 noyabr. TELEQRAF
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanla ölkəsi arasında dostluq münasibətlərinin regional əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Teleqraf xəbər verir ki, bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, tərəflər regiondakı geosiyasi vəziyyəti müzakirə ediblər:
“Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri regional əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
Maka Boçorişvili vurğulayıb ki, birgə səylər nəticəsində regionda və daha geniş coğrafiyada nəqliyyat-logistika dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin gücləndirilməsi üçün imkanlar yaranır.
O bildirib ki, iki ölkə arasındakı münasibətlər dostluq, qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə ehtiram, eləcə də qarşılıqlı dəstək prinsiplərinə əsaslanır:
“Hər iki dövlət beynəlxalq hüququn fundamental prinsiplərinə riayət edir və əməkdaşlığını bu əsaslar üzərində qurur”.