BAKI, 24 noyabr. TELEQRAF
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafının Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və regional potensialın reallaşdırılmasına kömək edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişlənməsi regionun imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Maka Boçorişvili, həmçinin regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüslər barədə müzakirə apardıqlarını bildirib:
“Gürcüstan bu istiqamətdə görülən işləri diqqətlə izləyir”.
Nazir qlobal proseslər barədə də fikir mübadiləsi aparmaq imkanının olduğunu vurğulayıb.