BAKI, 24 noyabr. TELEQRAF
Gürcüstan və Azərbaycan dayanıqlı maliyyə çərçivələrinin uzlaşdırılması və banklar arasında əməkdaşlığın gücləndirilməsi yolu ilə regionda yaşıl investisiyaların həcmini artıra bilər.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Banklar Assosiasiyasının ESG və Davamlı Maliyyə üzrə rəhbəri Nino Dvalişvili X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, iki ölkə enerji, kənd təsərrüfatı və Orta Dəhliz boyunca dayanıqlı infrastruktur sahələrində ortaq imkanlara malikdir:
“Dayanıqlı maliyyə çərçivələrinin daha yaxşı uzlaşdırılması, banklar və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi investisiyaların səfərbər edilməsinə şərait yarada bilər.
Gürcüstanın dayanıqlı maliyyə taksonomiyasına uyğun gələn yaşıl layihənin Azərbaycanda və Orta Dəhliz boyunca yerləşən digər ölkələrdə də yaşıl layihə kimi tanınması regional bank və investorların belə layihələri müəyyənləşdirməsini və maliyyələşdirməsini asanlaşdıra bilər.
Regional yanaşmaların uzlaşdırılması təkcə tənzimləmə sahəsində əməkdaşlıq baxımından deyil, həm də dayanıqlı maliyyənin real investisiyalara çevrilməsi üçün vacibdir”.