BAKI, 13 sentyabr. TELEQRAF
Beyrut BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) ölkənin cənubundakı missiyasının 31 dekabr 2026-cı il tarixində rəsmi başa çatmasından sonra müddətinin uzadılmasını tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri mənbələrinə istinadən məlumat yayıb.
Livan BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda missiyanın 2026-cı ildə yekunlaşdırılmasını vaxtından əvvəl addım kimi qiymətləndirib və fəaliyyətin "məhdud müddətə" uzadılmasını xahiş edib. Qəzetin mənbələri bildirir ki, Fransa və BMT TŞ-nin əksər üzvləri Livanın bu müraciətini dəstəkləyib. 1978-ci ildə təsis olunmuş və hazırda 7 mindən çox heyəti olan UNIFIL-in mövcud mandatı 2025-ci il qətnaməsi ilə tənzimlənir.
Öz növbəsində BMT-nin Baş katibi Antoniu Quterreş mülki şəxslər arasında tələfatın artmasını əsas gətirərək İsrail rəhbərliyini Livanın cənubundakı hərbi əməliyyatları dayandırmağa çağırıb.
İsrailin müdafiə naziri İsrael Kats isə bəyan edib ki, İsrail qoşunları şiə "Hizbullah" hərakatının birləşmələri tərk-silah olunana qədər Livan ərazisini tərk etməyəcək. Nazir Əli ət-Tahir silsiləsindəki yüksəkliklərin nəzarətə götürülməsini "Hizbullah"ın tərk-silah edilməsində mühüm addım adlandırıb.