BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ-nin Müharibə Departamenti (Pentaqon) İranın Hörmüz boğazı ətrafındakı bəzi strateji və qeyri-yaşayış adalarının dəniz piyadalarının sürətli əməliyyatları ilə ələ keçirilməsi ssenarilərini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Eram News” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, planın məqsədi həmin adaları Hörmüz boğazına nəzarət etmək və ticarət gəmilərini mümkün təhdidlərdən qorumaq üçün qabaqcıl hərbi müşahidə məntəqələrinə və logistika bazalarına çevirməkdir:

“Belə bir əməliyyat həyata keçirilərsə, “USS Tripoli” hücum gəmisində yerləşdirilmiş F-35B qırıcıları dəniz piyadalarına havadan dəstək verəcək. Bu ssenariyə əsasən, qırıcılar quru əməliyyatının başlaması ilə eyni vaxtda İranın sahilyanı ərazilərə yaxın radar şəbəkələri və hava hücumundan müdafiə sistemlərinə zərbə endirə bilərlər”.

Nəşr yazıb ki, ABŞ dəniz piyadalarının son vaxtlar hücum gəmilərində döyüş sursatlarından istifadə etməklə keçirdiyi təlimlər Hörmüz boğazında əməliyyat üçün nəzərdən keçirilən ssenarilərlə əlaqəli ola bilər. Məlumata görə, bölgədə lövbər salan “USS Tripoli” gəmisində təxminən 3 500 dəniz piyadası var:

“Nəzərdən keçirilən ssenarilər strateji məntəqələrin müvəqqəti ələ keçirilməsi və Hörmüz boğazında gəmi marşrutuna nəzarət və onun təhlükəsizliyini təmin etmək üçün bazaların yaradılmasına yönəlmiş sürətli əməliyyatı da əhatə edə bilər”.