BAKI, 13 sentyabr. TELEQRAF

Macarıstan Kral III Çarlzın 2024-cü ildə taxta çıxması münasibətilə hədiyyə etdiyi iki lipizan cinsli atın geri qaytarılmasını istəyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Nelson və İveko adlı atlar Bukingem sarayının nümayəndələrinin Macarıstanın Silvaşvarad şəhərində yerləşən dövlət atçılıq təsərrüfatına səfərindən sonra Macarıstan tərəfindən kral tövlələrinə hədiyyə edilib.

2026-cı ilin yayında Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi atların geri qaytarılması ilə bağlı məktub göndərib. Lakin daha sonra ölkə rəsmiləri heyvanların geri alınmasının planlaşdırılmadığını və məktubun səhv nəticəsində göndərildiyini bildiriblər.

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, III Çarlza göndərilən tələb düzgün ifadə olunmayıb. Nazirlik səhvin düzəldildiyini və atların geri qaytarılmayacağını açıqlayıb.

Qeyd olunub ki, atlar müvəqqəti istifadə müqaviləsi əsasında kral tövlələrinə verilib və formal olaraq hələ də Macarıstan dövlətinin mülkiyyətindədir. Bununla belə, Macarıstan hakimiyyəti atların Böyük Britaniya monarxının daimi mülkiyyətinə verilməsini rəsmiləşdirmək niyyətindədir.

Qəzetin məlumatına görə, vəziyyət Macarıstanda hökumətin dəyişməsi ilə əlaqəli ola bilər. Ekspertlər məktubun əvvəllər qəbul edilmiş qərarlara yenidən baxılması zamanı inzibati səhv nəticəsində göndərilə biləcəyini ehtimal ediblər.