BAKI, 13 sentyabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətindəki "Slavyanski" və Tatarıstandakı "Taneko" neft emalı zavodlarına, həmçinin dronların saxlanılması və buraxılması məntəqələrinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücumlar nəticəsində hər iki neft emalı zavodunun ərazisində və çənlərdən birində yanğın qeydə alınıb. "Slavyanski" zavodu Rusiyanın cənubunda yerləşən və Rusiya Silahlı Qüvvələrinin təchizatında iştirak edən ən böyük müəssisələrdən biridir.

Bununla yanaşı, Rostov vilayətinin Millerovo yaşayış məntəqəsində zərbə dronlarının saxlandığı və hazırlandığı məntəqə vurulub. Saratov neft emalı zavodunda isə ilkin neft emalı texnoloji qurğusu və magistral boru kəmərinin bir hissəsi zədələnib.