BAKI, 13 sentyabr. TELEQRAF

Yaponiyanın Baş naziri Sanae Takaiçinin planlaşdırdığı hökumətdə kadr dəyişiklikləri sentyabrın 17-ə nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu addımdan bir gün əvvəl S.Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbər heyətində də dəyişikliklər həyata keçiriləcək.

Məlumata görə, Tosiharu Furukava ilk dəfə hökumətdə yer ala bilər. LDP-də isə parlamentlə iş üzrə komitənin sədri vəzifəsini Hideki Murainin tutacağı gözlənilir.

Eyni zamanda, partiyanın praktiki idarə olunmasında əsas rol oynayan LDP-nin baş katibi Syuniti Suzuki də daxil olmaqla bir çox hazırkı rəhbərlərin öz postlarını qoruyub saxlayacağı gözlənilir. S.Suzuki liberal-demokratlar arasında böyük nüfuza malik Taro Asonun qardaşının yeznəsidir. T.Aso 2025-ci ildə S.Takaiçinin partiya lideri və baş nazir postlarına seçilməsinə fəal dəstək verib. Baş nazir üçün onun dəstəyi 2027-ci ildə keçiriləcək seçkilərdə də vacib hesab olunur.