BAKI, 13 sentyabr. TELEQRAF
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət müharibəsinin kəskinləşməsi fonunda ölkəsinin Avropa İttifaqı ilə əlaqələrini yeni mərhələyə çıxarmaq üçün assosiativ üzv statusu əldə etmə imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Karni bir neçə aydır Avropa ölkələrinin liderləri ilə Kanadanın və 41 milyon əhalisinin Aİ-yə “daha sıx inteqrasiyası” məsələsini müzakirə edir. Baş nazir Avropa liderlərinə Kanadanın Aİ-nin assosiativ üzvü olması təklifini irəli sürüb.
Qəzetin yazdığına görə, Aİ üzvlük məsələsində adətən çevik mövqe nümayiş etdirməsə də, Kanadanın təşəbbüsünü müzakirə etməyə açıq yanaşır.
Karni Avropadakı xüsusi nümayəndəsinə ölkənin Aİ ilə tam üzvlük və ya vahid bazara qoşulmasını nəzərdə tutmayan, lakin daha geniş yaxınlaşmanı təmin edən variantları araşdırmağı tapşırıb.
Kanada Baş naziri müşavirlərinə bildirib ki, son yarım əsrdə böyük ölçüdə ABŞ-lə əlaqələndirilmiş ölkə iqtisadiyyatını və ictimai həyatını yenidən istiqamətləndirmək niyyətindədir.