BAKI, 13 sentyabr. TELEQRAF

Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsi və strateji enerji dəhlizlərinə hücumlar fonunda Hörmüz boğazında daha bir mülki gəmiyə raket zərbəsi endirilib, Səudiyyə Ərəbistanı isə əsas neft kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) və beynəlxalq KİV-lər məlumat yayıb.

UKMTO-nun məlumatına görə, Hörmüz boğazından keçən gəmiyə raket düşməsi nəticəsində yanğın baş verib, heyət yerli hakimiyyət orqanları tərəfindən təxliyə olunub. İran dövlət mediası isə cənub sahili yaxınlığında vurulan mülki gəmidə bir nəfərin həlak olduğunu, üç nəfərin yaralandığını bildirib. İnsident ərəfəsində Səudiyyə Ərəbistanı İraq ərazisindən edildiyi ehtimal olunan dron hücumundan sonra gündəlik 4-5 milyon barel neft nəql edən "Şərq-Qərb" boru kəmərini təhlükəsizlik məqsədilə müvəqqəti bağlayıb. Hücumlar səbəbindən "Brent" markalı neftin qiyməti 1 barel üçün 100 dolları ötüb, ABŞ-də dizelin pərakəndə qiyməti rekorda — 6 dollara çatıb.

Yaranmış vəziyyətlə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon əlaqəsi saxlayaraq Husilərə qarşı hərbi yardım istəyib. Vaşinqton birbaşa hərbi müdaxilədən imtina etsə də, kəşfiyyat dəstəyi verəcəyini açıqlayıb. Eyni zamanda husilərin Bab əl-Məndəb boğazındakı strateji Perim adasını ələ keçirdiyi bildirilir.

Digər tərəfdən, Bölgədəki böhranın həlli məqsədilə bazar ertəsi Omanda İran və Fars körfəzi ölkələrinin görüşü keçiriləcək. İran XİN görüşdə Hörmüz boğazının gələcəyinin müzakirə olunacağını bildirsə də, Tehran rəsmiləri ABŞ-yə təqdim edilən 7 şərt icra olunmadan və İranın boğaza nəzarət hüququ tanınmadan dəhlizin naviqasiya üçün açılmayacağını bəyan ediblər.