BAKI, 31 yanvar. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşün mümkünlüyünü istisna edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “CNN Türk”ə müsahibəsində bildirib.

“Düşünürəm ki, hələlik bundan çox uzağıq. Hazırda bizi ABŞ ilə danışıqlar üçün ortaq məxrəcdən ayıran məsafə var. Əgər həqiqətən də süni və ya səthi rəsmi danışıqlar yox, ciddi danışıqlar aparmaq istəyiriksə, onda bunun üçün ciddi ilkin baza hazırlamalıyıq”, - nazir vurğulayıb.

Əraqçi həmçinin ölkəsinin ABŞ ilə danışıqlar üçün şərtləri barədə bildirib: “Danışıqların real və səmərəli olması üçün əvvəlcə təhdid və təzyiq atmosferi aradan qaldırılmalıdır”.

Nazir hazırda ABŞ ilə danışıqlar aparmaq üçün ciddi əsasın olmadığını qeyd edib: “Danışıqların çərçivəsi, məzmunu və qaydaları barədə razılıq əldə edilmədən heç bir irəliləyiş əldə edilməyəcək. İran ədalətli və balanslı diplomatiyaya hazırdır, amma danışıqlar məcburi şəkildə aparıla bilməz və qarşılıqlı hörmət və bərabər şərtlər olmadan ədalətli bir razılaşma əldə olunmayacaq.

Diplomatiya İran üçün prioritet olaraq qalır, ümid edirik ki, rasionallıq və dialoq qalib gələcək”.