BAKI, 23 yanvar. TELEQRAF
Razi Milli Sağlamlıq Assosiasiyası yaydığı bəyanatla İran Prezidenti Məsud Pezeşkian, səhiyyə naziri, Tibb Sistemi Təşkilatının rəhbəri və ölkənin səhiyyə sisteminin bir sıra yüksək vəzifəli şəxsləri “etirazçıların qətlə yetirilməsi qarşısında tibbi peşə məsuliyyətinin açıq şəkildə pozulması, cinayətlərin gizlədilməsi və cinayətkar səssizlikdə” ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Assosiasiyanın bildirdiyinə görə, etibarlı hesabatlar yaralıların müalicə müəssisələrində hücuma məruz qaldığı, saxlanıldığı və öldürüldüyünü göstərir. Qeyd edilib ki, bu hadisələrin gizlədilməsi üçün tibb işçilərinə qarşı genişmiqyaslı və sistemli təzyiqlər də tətbiq olunub.
Assosiasiya bu hərəkətləri “tibbin fundamental prinsiplərinin kobud şəkildə pozulması”, həmçinin “təşkilatlanmış cinayət və insanlığa qarşı cinayət” kimi qiymətləndirib və Məsud Pezeşkian, eləcə də İranın səhiyyə sistemindəki digər rəsmilərin peşə fəaliyyətinə dərhal xitam verilməsi, tibbi adlarının ləğv olunması və səhiyyə sistemi ilə bağlı bütün vəzifələrdən kənarlaşdırılmasını tələb edib.
Assosiasiya vurğulayıb ki, bu şəxslər tibbi andın pozulmasına görə həm daxili, həm də beynəlxalq məhkəmə instansiyalarında məsuliyyətə cəlb olunmalıdır.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın ixtisasca həkimdir.