BAKI, 10 fevral. TELEQRAF

İsrail Qəzza zolağında daimi atəşkəsə razılaşmağa yalnız Fələstinin radikal HƏMAS hərəkatının anklavda hakimiyyətdən uzaqlaşdırılması şərti ilə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə brifinqdə İsrail Nazirlər Kabinetinin rəsmi nümayəndəsi David Menser bildirib.

"Bu aydın olmalıdır: İsrail bütün məqsədlərimizə çatana qədər müharibəyə son qoymayacaq. Son məqsədə gəlincə, bu, əlbəttə ki, daimi atəşkəsdir, lakin HƏMAS meydanda olmamalıdır", - o deyib.

Menser qeyd edib ki, İsrailin Qəzza zolağında hərbi kampaniyasının əsas məqsədləri dəyişməz olaraq qalır: "Anklavda HƏMAS hərbi-siyasi strukturunun məğlubiyyəti və orada saxlanılan bütün girovların, eləcə də ölənlərin cəsədlərinin qaytarılması vacibdir".

Nazirlər Kabinetinin sözçüsü, həmçinin bildirib ki, İsrail hakimiyyəti ABŞ-dəki tərəfdaşları ilə anklavda hərbi əməliyyatların tam dayandırılması ilə nəticələnəcək HƏMAS ilə razılaşmanın ikinci mərhələsində məsləhətləşmələrə başlayıb: “Bəli, bu müzakirələrin çətin olacağına inanırıq, lakin biz girovlarımızı vətənə qaytarılmasına nail olmağa sadiqik”.