![](https://teleqraf.az/storage/2025/02/12/715x378/for.jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum edilmiş amerikalı Mark Vogelin azadlığa buraxılmasına görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mən onun etdiyinə görə çox minnətdaram. Biz prezident Putinin etdiklərini yüksək qiymətləndiririk", - deyə Tramp bildirib.
Ağ Evin rəhbəri vurğulayıb ki, Vogelin azadlığa buraxılması ilə bağlı razılaşma çox ədalətli və ağlabatandır.
Tramp vurğulayıb ki, Rusiya Vogeli geri qaytarmaqla ABŞ ilə “çox yaxşı” davranıb. ABŞ Prezidenti etiraf edib ki, Vogelin azad edilməsi Ukraynadakı münaqişənin həllində başlanğıcdır.
Vogel 2021-ci il avqustun 14-də həyat yoldaşı ilə Nyu-Yorkdan gələn zaman Şeremetyevo hava limanında saxlanılıb. Baxış zamanı onlardan marixuana və həşiş yağı aşkar edilərək götürülüb. Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ səfirliyinin keçmiş əməkdaşı olan Vogel ötən gün Prezident Putin tərəfindən əfv edilərək azadlığa buraxılıb. “New York Times” qəzetinin yazdığına görə, Vogel Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Kremllə danışıqları nəticəsində azadlığa buraxılıb.