BAKI, 10 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qəzzaya sahib çıxacağını və oranı Yaxın Şərqdəki digər zəngin ölkələr vasitəsilə inşa edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp təyyarədə jurnalistlərə açıqlamasında qəzzalıların geri dönməsinə icazəni "böyük səhv" adlandırıb: "Qəzza böyük bir daşınmaz əmlakdır. ABŞ ora çox yavaş-yavaş sahib olacaq. Ora dağılıb. Geri alınacaq, düzəldiləcək və təmir olunacaq. Orada heç kim olmayacaq. HƏMAS olmayacaq. Fələstinlilərin yaşaması üçün yaxşı yerlər ayrılacaq. Onlar yəqin ki, yüz illər sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar”.

"Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlı olduğunu deyən Tramp hazırda oranın çox təhlükəli olduğunu bildirib: "Lakin biz oranı gələcəkdə başqalarının vasitəsilə inkişaf etdirəcəyik və çox yaxşı bir yerə çevirəcəyik. Biz imkan verəcəyik ki, digər ölkələr də onun hissələrini inkişaf etdirsinlər. Bu gözəl olacaq. Dünyanın hər yerindən insanlar gəlib orada ev, torpaq ala biləcəklər”.

Köçkün fələstinliləri ABŞ-yə qəbul edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Mən buna baxmalıyam, düşünürəm ki, onların bura gəlməsi üçün uzun bir yol var, amma ayrı-ayrı işlərə baxmalıyam. ABŞ onsuz da çox insanı qəbul edir. Bura onlar üçün çox uzaqdır. Ümid edirik ki, Misir, İordaniya və digər dövlətlər bizə kömək edəcəklər. Ümid edirik ki, Səudiyyə Ərəbistanı kimi ölkələr buna bir qədər pul xərcləyə bilərlər. Onların çox böyük pulları var. İnsanları rahat və təhlükəsiz etmək üçün bir qədər pul xərcləyəcəklər”.