BAKI, 8 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən tarixi sülh sammitindən bir il ötür.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon videomüraciətində deyib.
O bildirib ki, 2025-ci il avqustun 8-də Donald Tramp İlham Əliyevi və Nikol Paşinyanı Ağ Evdə qəbul edib:
"Sammit zamanı üç lider üç onillikdən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında davamlı sülhün əsasını qoyan sazişi paraflayıb".
Emi Karlon qeyd edib ki, ötən il ərzində Azərbaycan və Ermənistan liderləri Ağ Evdə keçirilmiş görüşün ruhuna sadiqlik nümayiş etdirərək davamlı sülhə doğru konkret addımlar atıblar:
"Bakıya ötən ilin iyununda gəldiyim zaman cəmi bir il sonra vətəndaş cəmiyyəti arasında müntəzəm əlaqələrin və ilkin sərhədyanı ticarətin yaranacağını, o cümlədən Ermənistanın Azərbaycandan müntəzəm yanacaq alacağını çox az adam təsəvvür edə bilərdi".
Diplomatın sözlərinə görə, avqustun 8-də əldə olunan razılaşmaların əsas elementlərindən biri "Trump Route for International Peace and Prosperity" - TRIPP marşrutunun yaradılmasıdır:
"Bu marşrut Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə yanaşı, regionun inteqrasiyasını və Şərq-Qərb bağlantılarını gücləndirəcək. Layihənin Azərbaycan və bütövlükdə region üçün qarşılıqlı iqtisadi faydalar və rifah imkanları yaradacağı qeyd olunub".
Emi Karlon TRIPP layihəsinin son bir ildə əhəmiyyətli irəliləyiş əldə etdiyini və qarşıdakı dövrdə bu prosesin daha da sürətlənəcəyini bildirib. O, həmçinin ABŞ-Azərbaycan münasibətlərində son bir ildə baş verən inkişaflara diqqət çəkib:
"2025-ci il avqustun 8-də Donald Tramp və İlham Əliyev iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Bu prosesi 2026-cı ilin fevralında ABŞ vitse-prezidenti Ceyms Devid Vens və İlham Əliyev tərəfindən Bakıda imzalanan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası ilə daha da inkişaf etdirib. Strateji tərəfdaşlığın həyata keçirilməsinə Azərbaycan tərəfdaşlarımızla birlikdə başlamışıq. Müstəqillik əldə etdikdən bəri ilk dəfədir ki, yüksək səviyyəli dövlət rəsmiləri və özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin sayı bu qədər yüksəkdir".
ABŞ təmsilçisi əlavə edib ki, iyun ayında kritik minerallar sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandumu imzalanıb, ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçirilib və ABŞ şirkətləri tərəfindən milyardlarla dollar dəyərində mühüm kommersiya və investisiya sazişləri əldə olunub.
Emi Karlon qarşıda görüləcək işlərin çox olduğunu bildirərək ABŞ-nin Cənubi Qafqazda sülh və rifaha sadiqliyini bir daha vurğulayıb:
"Ötən il ərzində əldə etdiyimiz irəliləyiş birlikdə çalışdığımız zaman nələrin mümkün olduğunu göstərir. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz birlikdə daha çox mühüm nəticələr əldə edəcək".