BAKI, 6 avqust. TELEQRAF
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Daşkənddə bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.
Rəşad Məmmədov əvvəlcə Türkiyənin Özbəkistandakı səfiri Ufuk Ulutaş ilə görüşüb. Görüş zamanı Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və əlaqələrin bundan sonra da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.
Daha sonra Rəşad Məmmədov Türkmənistanın Özbəkistandakı səfiri Şadurdı Meredovla görüş keçirib. Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub. Səmimi və konstruktiv şəraitdə baş tutan görüşdə Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsinin və əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.