BAKI, 4 noyabr. TELEQRAF

"Bugünkü müzakirə ölkə iqtisadiyyatı üçün mühüm bir keçid mərhələsinə təsadüf edir. Belə ki, cari il ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının yekununu edir. Bildiyimiz kimi, bu mərhələnin konseptual əsasını möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi strateji kurs təşkil edir. Həmin kurs üç fundamental hədəfə söykənir, belə ki, bura iqtisadi artımın dayanıqlı və şaxələndirilmiş mənbələr hesabına təmin olunması, özəl investisiyaların inkişafda aparıcı rolunun gücləndirilməsi, əmtəə, xidmət ixracı potensialının genişləndirilməsi daxildir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Elvin Camalov deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə də təsdiq edir ki, uzunmüddətli və inklüziv artım ixracyönümlü, yüksək əlavə dəyər yaradan sahələrin inkişafından keçir: "Büdcə paketindəki makroiqtisadi proqnozlar da cari iqtisadi vəziyyət, daxili və xarici amilləri qiymətləndirməklə məhz bu kursa əsaslanaraq formalaşdırılıb.

Yaxın şərqdəki münaqişə, bildiyimiz kimi, enerji və nəqliyyat marşrutlarına öz mənfi təsirini göstərmiş, əmtəə və ərzaq qiymətlərində dalğalanmalar yaratmışdı. Məhz bu səbəbdən Beynəlxalq Valyuta Fondunun son oktyabr qiymətləndirilməsinə görə qlobal iqtisadi artım ötən ilki 3,5%-dən bu il 3,1% səviyyəsinə enir, təkrar yaxın şərqdəki münaqişə bu göstəricini 0,4% bəndi azaldıb”.

Elvin Camalov bildirib ki, orta müddətli dövrdə də dünya iqtisadiyyatının artım tempinin təxminən 3,2%, pandemiyadan əvvəlki artım tempinə, yəni təxminən 3,7%-ə qayıtması gözlənilmir ki, bu da həddimizin qarşısında investisiya və bazarlar uğrunda kəskin rəqabət aparacağımızın göstəricisidir: “Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyur. Qeyd edim ki, strategiya dövrünün yekunlarına baxsaq, cari ilin gözlənilən nəticələrə də daxil olmaqla 22-26-cı illərdə ümumi daxili məhsul orta hesabla 2,7%, qeyri-neft-qaz sektoru üzrə isə 5,2% artacaqdır ki, bu da müəyyən edilmiş hədəfdən yüksəkdir.

Ötən dövrdə iqtisadiyyatda müəyyən keyfiyyət dəyişiklikləri baş verib ki, bir neçəsini diqqətinizə təqdim etmək istərdim.

Birinci, onu qeyd edim ki, 2026-cı ilin gözlənilən nəticələri ilə daxil olmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb. Bu ilin oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard dollara çatıb. Bu, illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı bu dövrdə təxminən iki dəfə artıb və ümumi müqavilə sayının 56,5%-ni təşkil edib”.