BAKI, 4 noyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri 2027-ci ildə ilk dəfə qaradərili siyasətçi - Demokratlar Partiyasının fraksiya rəhbəri Hakim Ceffris ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə aralıq seçkilərin nəticələrinə əsasən “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, 2027-ci il yanvarın 3-də Konqresin yeni tərkibi fəaliyyətə başlayarkən gündəlikdəki əsas məsələlərdən biri Nümayəndələr Palatasının yeni spikerinin seçilməsi olacaq. Ceffrisin bu vəzifəyə namizəd göstəriləcəyi və təsdiqlənəcəyi gözlənilir.
Nəşr yazıb ki, afroamerikalının spiker seçilməsi ABŞ tarixində mühüm hadisə olacaq.
56 yaşlı Hakim Ceffris hüquq təhsili alıb. 2013-cü ildən Nyu-York ştatını Nümayəndələr Palatasında təmsil edir. Təsdiqlənəcəyi təqdirdə, spiker vəzifəsində respublikaçı Mayk Consonu əvəz edəcək.