
BAKI, 14 fevral. TELEQRAF
2024-cü ildə "Şahdağ" Turizm Mərkəzində xizəkçi və piyada qismində turistik xidmətlərdən istifadə edən qonaqların ümumi sayı 278 955 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Belə ki, 2024-cü ilin yay mövsümü üzrə əyləncə xidmətlərinin sayı artaraq 36-ya çatdırılıb və ötən ilin 4-cü rübündə qış mövsümü çərçivəsində yeni 2 növ fəaliyyət əlavə olunmaqla, ümumilikdə, 38 adda əyləncə xidməti qonaqların istifadəsinə verilib.
Ümumilikdə, 3.8 km uzunluğunda olan iki xizək enişinin tikintisi yekunlaşaraq istismara verilib. Bundan əlavə, uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə verilib.
Xatırladaq ki, "Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur və 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, Şahdağ Milli Parkının yaxınlığında yerləşir.