“Britaniya Kolumbiyası”nın Vankuver adasında, Kanadanın qərb sahillərində yaşayan iki bacı qara qanadlı adam gördüklərini iddia ediblər.

Teleqraf.com bacıların başına gələn hadisənin təfərrüatını təqdim edir.

Bacılardan biri bildirib ki, bu il aprelin 7-də şənbə günü axşamçağı həmin qeyri adi varlığı görüb: “Amma hekayə bir neçə ay əvvəl başlayıb.

Vankuver adasında, Kanadanın qərb sahillərində yaşayıram. O zaman hələ qış idi. Artıq gün batır, qaş qaralırdı. Mən, nişanlım, bacım və onun nişanlısı qar-topu oynamaq üçün həyətə çıxdıq. Biz deyə-gülə söhbət edərkən, birdən bacım susdu və ağacın arxasında kiminsə dayandığını dedi.

Bacım ağaca tərəf getdi, sonra yenidən geri qayıtdı və bizi evə çağırdı. O, çox qorxmuşdu. Bacım ağacın arxasında qara rəngli, böyük qanadlı insana bənzər məxluq gördüyünü dedi. Onun bir qədər əyilmiş formada oturduğunu, qanadlarının arxaya yığılı olduğunu bildirdi.

Həmin canlı bizi izləyirdi, amma bacım ona yaxınlaşdıqda üzünü yana çevirib və ağacın kənarından arxaya çəkilərək yoxa çıxıb.

Amma biz bacımın dediklərinə inanmadıq. Əvvəl zarafat etdiyini düşünərək güldük. Sonra ciddi olduğunu gördükdə, onun qarğa və ya başqa iri quş gördüyünü düşündük. Amma bacım uzun müddət qorxmuş görünürdü.

Aprelin 7-si mən də eyni məxluqu gördüm.

Yenə evdə biz dördümüz idik. Mənim otağımda əylənirdik. Sonra siqaret çəkmək üçün arxa tərəfə baxan aynabəndə çıxdıq. Nişanlım birdən qışqırdı “Ağacın dalında inanılmaz dərəcədə böyük bir qartal var!”
Mən də o tərəfə baxanda ağacdan qara, böyük bir nəyinsə uçduğunu və digər ağacların arxasında necə itdiyini gördüm. Həmin canlı bir neçə saniyə havada uçdu.

Daha əvvəl qartallar gördüyümə görə, əminəm ki, bu qartaldan çox böyük idi.

Bu məxluqun qanadları 4 metr uznluğunda idi. Və o başdan ayağa qədər qap-qara idi. Biz qışqırdıq. Amma bacımla nişanlısı gələnə qədər o, yox olmuşdu.

Mən bu gördüklərimi danışanda, bacım isterikaya düşdü və qışda gördüyünü xatırladı. Amma biz artıq o hadisəni unutmuşduq. Bundan sonra bacıma inandım.

Nişanlım da elə düşünür ki, o, nəsə insanabənzər məxluq idi. Onun tam olaraq nəyə bənzədiyini demək çox çətindir.

Qanadlarının tükləri qartala bənzəsə də, çox böyük idi və görünüşdən insan-qarqoyl və ya insan- pulcuqqanadlılara bənzəyirdi”.