BAKI, 30 sentyabr. TELEQRAF

Su tariflərinin differensiallaşması ilə bağlı milli su strategiysında konkret tapşırıqlar, hədəflər var. Ona görə də, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində bu istiqamətdə işlər aparılıb, layihələr hazırlanıb. Hazırda bu daxili qaydada müzakirə mərhələsindədir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib

O qeyd edib ki, differensiallaşma metodlarının tədbiqi nəzərdə tutulur:

“Tarif Şurasına tariflərin artırılması ilə bağlı hələ ki, hər hansı bir təklif təqdim edilməyib. Burada məqsəd tariflərin artırılması deyil. Differensialaşmada əsas məqsəd sudan daha səmərəli istifadə etmək, suya qənaətlə yanaşmaq və artıq istifadələri məhdudlaşdırmaq, eyni zamanda suyun istifadə həcminə görə müvafiq tariflərin tədbiq olunmasıdır.

Bu cür yanaşma bir çox ölkələrdə var, təbii ki, bu differensiallaşma ilə bağlı təkliflər hazırlanarkən onlarla ölkələrin təcrübələri öyrənilib, eyni zamanda beynəlxalq məsləhətçi şirkətlərin də rəyləri və təklifləri əldə olunub. Yekun təklif hazırlandıqdan sonra müvafiq qaydada hökumət, Nazirlər Kabineti və Tarif Şurasına təqdim olunacaq. Təbii ki, bu, ictimai müzakirədən də keçəcəkdir və ictimai rəy mütləq şəkildə nəzər alınacaq". - deyə o əlavə edib.