BAKI, 6 noyabr. TELEQRAF

Bakıda keçirilən II Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur xoreoqraf Şahar Binyamininin iki əsəri – “Yeni dünya” və “Bolero X” tamaşaları təqdim olunub.

Teleqraf xəbər verir ki, hər iki tamaşa “House of Dance Company”nin ifasında vahid proqram şəklində nümayiş etdirilib.

Xoreoqraf Şahar Binyamini jurnalistlərə açıqlamasında Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

“Bakıya yenidən qayıtmaq mənim üçün böyük sevincdir. Bu şəhərin insanlarını, zəngin mədəniyyətini, mətbəxini və yaratdığı xüsusi ab-havanı çox sevirəm. Bakı küçələri xeyli dəyişib, şəhər getdikcə daha da müasirləşir. Burada olmaqdan son dərəcə məmnunam”.

Qeyd edək ki, “Yeni dünya” əsərinin premyerası 2025-ci ildə Avstriyada keçirilən “Bregenzer Frühling” festivalında baş tutub.

“Bolero X” isə Şahar Binyamininin Moris Ravelin məşhur “Boléro” əsərinə verdiyi yeni xoreoqrafik yozumdur. İlk dəfə 2023-cü ildə Vankuverdə fəaliyyət göstərən “Ballet BC” üçün yaradılan tamaşa sonradan genişmiqyaslı ansambl əsərinə çevrilib. Tamaşanın tam versiyasında eyni anda 50-yə qədər rəqqas iştirak edir.
Şahar Binyamini “Paris Operası”, “La Skala” və “Bordo Milli Baleti” kimi nüfuzlu sənət ocaqları ilə əməkdaşlıq edir.

Xatırladaq ki, II Bakı Beynəlxalq İncəsənət Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 28 oktyabr – 8 noyabr tarixlərində keçirilir.