BAKI, 6 noyabr. TELEQRAF
Sudan ordusu iki ay ərzində 180-dən çox pilotsuz uçuş aparatı aşkarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sudan Tribune” portalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Sudan hərbçiləri son iki ay ərzində 180-dən çox pilotsuz uçuş aparatı (PUA) aşkarlayıb. Onların əksəriyyətinin qarşısı alınıb və məhv edilib.
Hərbi mənbənin bildirdiyinə görə, xüsusi bölmələr pilotsuz uçuş aparatlarının hərəkətini izləyir və onları vurur. Lakin bəzi PUA-lar hava hücumundan müdafiə sistemlərini keçərək nəzərdə tutulan hədəflərə çatmağa müvəffəq olur.
Portalın məlumatına əsasən, təkcə son bir həftə ərzində Sudanın bir neçə ştatında 19-dan çox elektrik stansiyası hücuma məruz qalıb. Hədəfə alınan obyektlər arasında Omdurman şəhərində yerləşən Əl-Mərxiyat elektrik stansiyası da var.
Bundan başqa, pilotsuz uçuş aparatları Cənubi Darfurda Nyaladakı bazar da daxil olmaqla, altı bazara hücum edib. Hücumların əsas hədəfləri elektrik və su təchizatı obyektləri, eləcə də yanacaq anbarlarıdır.
Nəticədə ölkənin bəzi ştatlarında elektrik enerjisinin və suyun verilməsində fasilələr yaranıb. Bu vəziyyət xəstəxanaların fəaliyyətini ciddi şəkildə çətinləşdirib.
Yanacaq çatışmazlığı səbəbindən humanitar yardım daşıyan yüzlərlə yük maşını hərəkətini davam etdirə bilmir. İnfrastruktura endirilən zərbələr kənd təsərrüfatı sektoruna da mənfi təsir göstərib.