BAKI, 6 noyabr. TELEQRAF

Finlandiyada ölkənin toxumluq kartof ehtiyatının beşdə birinin saxlandığı anbar yanıb.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, ölkənin şimalında baş verən yanğın nəticəsində sahəsi 4 min kvadratmetrdən çox olan anbar kompleksi məhv olub. Burada Finlandiyanın ümumi toxumluq kartof ehtiyatının beşdə biri saxlanılırmış.

Yanğın cümə günü axşam saatlarında Şimali Ostrobotniya əyalətinin Tyurnyavya şəhərindəki anbar kompleksində baş verib. Nəticədə ümumilikdə 4 mindən çox ton kartofun saxlandığı dörd anbar yanıb.

Yanğınsöndürənlərin bildirdiyinə görə, alovun tam söndürülməsi bir neçə gün çəkə bilər. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.

Finlandiyanın Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi toxumluq kartof ehtiyatının bərpası üçün görüləcək tədbirləri müzakirə etmək məqsədilə təcili iclas çağırıb. Rəsmilərin qiymətləndirməsinə görə, ehtiyatların əvvəlki səviyyəyə qaytarılması bir neçə il çəkə bilər.

“Yle”nin məlumatına görə, Avropada toxumluq kartof istehsalının yüksək konsentrasiyası olan cəmi dörd region mövcuddur. Digər üç region Azor adaları, İrlandiya və Almaniyada yerləşir.

Finlandiya Qida İdarəsinin rəhbəri Hanna Kortemaa bildirib ki, yanğın yaxın illərdə Avropa ölkələrində kartof bazarına ciddi təsir göstərə bilər.