BAKI, 6 noyabr. TELEQRAF
Noyabrın 5-6-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf-a verilən məlumata görə, səfər zamanı Sofiya şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini İvanka Taşeva başçılıq edib.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji dəhlizləri, nəqliyyat-logistika və digər istiqamətlərdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Tərəflər arasında ticarət dövriyyəsinin şaxələndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib, sözügedən istiqamətlərdə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Səfər çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova nazir müavini Elnur Məmmədovla görüşüb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Nazir müavini Elnur Məmmədov, həmçinin Bolqarıstanın Baş nazirin xarici siyasət üzrə müşaviri Rusi İvanov ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz daha sonra Bolqarıstan Xalq Məclisində Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və qrupun sədri Hamid Hamid, Xarici siyasət komitəsinin üzvləri və komitənin sədr müavini Slavi Vasilev ilə görüş keçirib. Aparılmış müzakirələr zamanı parlament diplomatiyasının təşviqi, qanunverici orqanlar arasında təmasların intensivləşdirilməsi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin vacib rolu vurğulanıb.
Səfər zamanı nazir müavini Elnur Məmmədov Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun dinləyiciləri və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin Tələbə Diplomatik Klubunun üzvləri qarşısında mühazirə ilə çıxış edib