BAKI, 12 aprel .TELEQRAF

“Qazprom” maliyyə itkiləri fonunda kütləvi ixtisarlara və struktur dəyişikliklərinə başlayıb.

Teleqraf xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” ardıcıl ikinci ildir ki, rekord maliyyə zərəri açıqlayır. 2024-cü ildə şirkət Rusiya mühasibat standartlarına əsasən 1,076 trilyon rubl zərər edib. Mütəxəssislər bu zərərin arxasında duran səbəbləri araşdırarkən, şirkət mərkəzi aparatında kütləvi ixtisarlara başlayıb, bəzi departamentləri bağlayıb və investisiya proqramlarının həcmini kəskin azaldıb.

Rusiya mətbuatının məlumatına əsasən, bu tədbirlər 2034-cü ilə qədər proqnozlaşdırılan 15 trilyon rubl maliyyə çatışmazlığının qarşısını almağa yönəlib.

Zərərlərin əsas səbəbləri sırasında “Qazprom”un əsas bazarı olan Avropanı demək olar ki, tamamilə itirməsi, Çinə qaz tədarükünün artırılmasındakı problemlər və LNG istehsalında texnoloji məhdudiyyətlər qeyd olunur. Bundan əlavə, daxili bazarda qaz qiymətlərinin aşağı olması da şirkətin gəlirlərinə mənfi təsir göstərib.

2021 və 2022-ci illərdə şirkət müvafiq olaraq 2,64 və 2,68 trilyon rubl mənfəət əldə etsə də, 2023-cü ildə bu göstərici 696 milyard rubla düşüb və 2024-cü ildə trilyonluq zərərə çevrilib.

2024-cü ildə “Qazprom”un valyuta ehtiyatları 98,5 faiz azalıb, ümumi pul vəsaitləri isə 17 faiz aşağı düşüb. Cəmi bir il ərzində şirkətin valyuta ehtiyatları 862 milyon dollardan 13,5 milyon dollara qədər geriləyib. Analitiklər qeyd edir ki, şirkətin hazırkı maliyyə durumu dərin struktur problemlərdən xəbər verir.

Proqnozlara görə, “Qazprom”un Avropa və Türkiyəyə boru kəmərləri ilə qaz tədarükü 2019-cu illə müqayisədə beş dəfə azalaraq ildə cəmi 34 milyard kubmetrə düşəcək. Çinə ixrac bu azalmanı kompensasiya etməyəcək. Şirkət 2025-ci ildə 47 milyard kubmetr ixrac planlaşdırsa da, bu belə mənfi pul axını yaradacaq.

"47news.ru" portalının məlumatına görə, dekabr ayında şirkətin İdarə Heyətinin sədr müavini Elena İlyuxina tərəfindən imzalanmış məktubda mərkəzi aparat və Sankt-Peterburqdakı filialda çalışan işçilərin 4,1 mindən 2,5 minə endiriləcəyi bildirilib. Bu məlumat daha sonra “Qazprom”un digər rəhbəri Sergey Kupriyanov tərəfindən təsdiqlənib.

"Financial Times"ın araşdırmasına görə, daxili təqdimatda “Qazprom”un mövcud biznes modelinin daimi artıma əsaslandığı, lakin mövcud şəraitdə bunun artıq real olmadığı qeyd olunub. Qərb texnologiyalarının əvəz olunması məqsədilə yaradılan şöbənin bağlanması və mənfəətli olan “Qazprom Neft”in müstəqilliyini itirməsi də bu böhrana cavab tədbirləri çərçivəsində nəzərdə tutulur.

İllərdir Rusiyanın “milli sərvəti” kimi təqdim olunan “Qazprom”un hazırkı durumu ciddi suallar doğurur. Analitiklər şirkətin tam miqyaslı transformasiyaya ehtiyac duyduğunu bildirir. Dövlət dəstəyi olmadan isə qarşıdakı illərdə yaranacaq 15 trilyon rubl büdcə boşluğunun doldurulması real görünmür.

İllik hesabatların tam versiyası may ayında açıqlanacaq. Hələlik isə görünən odur ki, “Qazprom” tarixinin ən çətin dövrlərindən birini yaşayır.