BAKI, 12 aprel. TELEQRAF

"Hər iki hissədə üstün oynadıq".

Teleqraf xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis oyunun maraqlı keçdiyini bildirib: "Belə stadionda oynamaq da xoşdur. Bura gələ azarkeşlərə təşəkkür edirəm. Vacib qələbə idi. Hər iki hissədə üstün oynadıq. Rəqibin ilk əks-hücumu qol oldu. Sevinirəm ki, uşaqlar oyundan qopmadı. Qollar vurub, qələbə qazandıq. Vacib 3 xal qazandıq. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çalışırıq. Bura gələndə də buna inanırdım. Qarşıda vacib oyunlarımız olacaq".

O, fasilədə futbolçulara tempi yüksək saxlamalı olduqlarını dediyini açıqlayıb: "Rəqib bunu istəmirdi. İlk hissədə də sürətli hücumlarla epizodlar yaratdıq. Futbolçularım tempi yüksək tuta bildi"

Baş məşqçi yeni mövsümdən klublar üçün ayrılan maliyyənin azalacağı barədə yayılan xəbərləri şərh edib: "Real vəziyyətə baxmalıyıq. I Liqadan gələcək klubların sponsorları var. Bizim də tutduğumuz yol var. Bəzən vəziyyəti düzgün təhlil etmirik. Məsələn, nə üçün “Şamaxı”da gənclər oynayır? Qarşımıza məqsəd qoyacağıq. Büdcəyə uyğun davranmağa çalışacağıq. Gənclərə şans verən klubların çox olması uşaqların yolunu açacaq. Komanda sayı çox olsa, gənclərin oynamaq şansları artacaq. Bizim məqsədimiz var, gələn il də bu yolu davam etdirəcəyik.