
BAKI, 11 aprel. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində daha bir yeniliyə imza atıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, ADY-nin strategiyasına uyğun olaraq, əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.
İnnovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır.
Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün aşağıdakı 5 xidmət istiqamətini əhatə edir:
- Vətəndaş müraciətlərinin elektron qəbulu – Fiziki şəxslər fərdi müraciətlərini (şikayət, təklif və ərizə) elektron qaydada göndərə bilərlər. Hüquqi şəxslər isə öz təşkilatlarına aid rəsmi müraciətləri rahat şəkildə təqdim edə bilərlər.
- Yük vaqonlarının planlı (depo və əsaslı) təmiri üçün müraciətlərin qəbulu – İstifadəçilər fərdi və ya şirkət mülkiyyətində olan vaqonlar üçün təmir və texniki xidmətlərdən yararlana bilərlər. Bu xidmət vaqon və qatarların istismar müddətinin uzadılmasına və təhlükəsizliyin artırılmasına töhfə verəcək.
- Yük vaqonlarının yuyulması (deqazasiya edilməsi) üçün müraciətlərin qəbulu – Fiziki şəxslər fərdi mülkiyyətlərində olan vaqonlar üçün təmizlik xidmətindən yararlana bilərlər. Hüquqi şəxslər isə öz şirkətlərinə məxsus vaqon və qatarların texniki təmizlənməsi üçün müraciət edə bilərlər.
- Ümumi istifadəli dəmir yollarında müxtəlif səviyyələrdə mühəndis qurğu və kommunikasiyalarının keçirilməsinə dair texniki şərtin (razılığın) verilməsi üçün müraciətlərin qəbulu – Fiziki şəxslər fərdi layihələri üçün texniki məsləhət və dəstək ala bilərlər. Hüquqi şəxslər və dövlət qurumları isə irimiqyaslı layihələrin planlaşdırılması və icrası üçün ekspert məsləhətləri əldə edə bilərlər.
- Dəmiryol infrastrukturunun tikili və qurğularının, o cümlədən dəmiryol xətlərinin tikintisi və yenidən qurulması işlərinin layihələndirməsi üzrə müraciətlərin qəbulu – Şəxsi və kommersiya məqsədli tikinti layihələrinin hazırlanması və həyata keçirilməsi üçün məsləhət və texniki dəstək xidməti təqdim edilir.
Xidmətlərdən istifadə etmək istəyən şəxs elektron portalda qeydiyyatdan keçməli, portaldakı hesabına daxil olaraq xidmət növünü seçməlidir. Xidmət növünü seçdikdən sonra müvafiq forma açılır, istifadəçi həmin formanı doldurur, şəxsi məlumatların istifadəsinə razılıq verir və “göndər” düyməsini sıxır. İstifadəçi şəxsi kabinetdə “Müraciətlərim” bölməsində öz müraciətini və onun statuslarını görə bilir.
Əvvəllər bu xidmətlər yalnız kağız daşıyıcılar üzərindən həyata keçirilirdi. Yeni sistem sayəsində isə fiziki və hüquqi şəxslər ADY-nin xidmətlərinə müraciət etmək üçün ofislərə getməyə, kağız sənədlər təqdim etməyə ehtiyac duymayacaqlar. Bütün proses 24/7 rejimində onlayn həyata keçiriləcək. Sistem vasitəsilə sorğular avtomatlaşdırılmış şəkildə müvafiq şöbələrə yönləndiriləcək ki, bu da cavablandırma müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin istifadəçilər öz müraciətlərinin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyə, elektron poçt vasitəsilə bildirişlər ala biləcəklər. Bundan əvvəl kağız sənədlərlə işləyərkən statusu öyrənmək üçün yenidən ADY-yə müraciət etmək lazım gəlirdi. Artıq xidmətlərə istənilən yerdən, istənilən cihaz vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlara vaxtlarına qənaət etməyə və ADY-nin xidmətlərindən daha rahat istifadə etməyə imkan verir.
Portalın yaradılması prosesi ADY-nin Rəqəmsal inkişaf departamentinin daxili resursları və mütəxəssisləri tərəfindən həyata keçirilib. Yeni sistem hazırlanarkən müxtəlif yaş qruplarının və fərqli rəqəmsal bacarıqlara malik istifadəçilərin ehtiyacları nəzərə alınıb. İstifadəçi yönümlü interfeys sayəsində müraciət prosesi asan və intuitiv şəkildə qurulub. Bu da sistemi hər kəs üçün maksimum əlçatan edir.
Platforma ADY-nin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımlardan biri olmaqla dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edəcək.
ADY rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bu il elektron xidmətlərin siyahısı daha da genişləndiriləcək.
Azərbaycan Dəmir Yolları rəqəmsallaşmanı prioritet istiqamət kimi qəbul edərək müxtəlif sahələrdə bu cür həllərin tətbiqini genişləndirir. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir. Rəqəmsal platformalar və analitik alətlər vasitəsilə müştərilərlə münasibətlər daha şəffaf və çevik şəkildə qurulur. Nəticədə sərnişinlər və tərəfdaşlar daha şəffaf, operativ və etibarlı xidmətlərlə təmin olunur. Bu isə öz növbəsində istifadəçi təcrübəsini yüksəldir və müştəri etimadını gücləndirir.
ADY-nin tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əlaqələrinin qurulması və xidmət keyfiyyətinin artırılması, yəni şəffaflıq təşəbbüslərinə açıqlığı rəqəmsallaşmanın tətbiqini asanlaşdırır. Rəqəmsal idarəetmə alətləri vasitəsilə fəaliyyətlərin izlənilə bilməsi, hesabatlılıq və analitik təhlil imkanları həm daxili nəzarəti gücləndirir, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır. Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.