
SUMQAYIT, 12 aprel. TELEQRAF
"Hər bir pillənin öz qiyməti var".
Teleqraf xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXX turunda evdə “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis komandasının qələbə qazanmaq istəyində olduğunu bildirib: "Hər iki hissədə yaxşı oyun nümayiş etdirsək də, sonda məğlub olduq. Komandam çox istəyirdi ki, qələbə qazansın. "Şamaxı"nı təbrik edirəm, Sumqayıtdan 3 xalı apara bildilər".
O, futbolçuların dərk etməli olduğu nüansa toxunub: "Futbolçular dərk etməlidirlər ki, mövsüm hələ bitməyib. Nə qədər üst pillədə qərarlaşmağımız yeni müqavilələlərinə təsir edəcək. Biri var ki, 9-10-cu yerdə olan komandadan futbolçu cəlb edirsən, biri də var 5-6-cı sırada qərarlaşandan. Hər bir pillənin öz qiyməti var. Ümid edirəm ki, futbolçularım bunu dərk edəcəklər. İki epizodda buraxdığımız qol gözlənilməz oldu. Amma deyərdim ki, hər iki hissədə çox yaxşı oyun nümayiş etdirdik. Ən azından 90 dəqiqə ərzində məğlub olmamaq üçün mübarizə apardıq".
Baş məşqçi futbolçusu Rövlan Muradovla barədə danışıb: "Mən gəldikdən sonra o, 18 oyundur əsas heyətdə oynayıb. Bu matçların 11-də isə qol vura bilməmişik. Kimlərəsə şans verməliyik. Sərtan Taşkın onun mövqeyində yaxşı oyun nümayiş etdirir. Həmçinin cavan oyunçulara da fürsət verməliyəm. Muradovla danışmışam, mənim üçün yaxşı futbolçudur. Məşqdə səylə çalışmalıdır ki, əsas heyətdəki yerini bərpa etsin".