BAKI, 12 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Rusiyanın Avropa İttifaqına (Aİ) maye təbii qaz (LNG) tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 3% azalaraq təxminən 5,7 milyard kubmetr təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa analitik mərkəzi "Bruegel"in hesabatında qeyd olunub.

Məlumata görə, 2024-cü ilin ilk üç ayında Aİ Rusiyadan 5,9 milyard kubmetr LNG idxal edib. Cari ilin mart ayında isə Avropaya 1,78 milyard kubmetr Rusiya qazı tədarük olunub. Bu göstərici fevralda 1,86 milyard kubmetr, 2024-cü ilin martında isə 2,15 milyard kubmetr idi.

Yanvar-mart aylarında Rusiyanın Avropa İttifaqına ümumi qaz tədarükləri 10 milyard kubmetr səviyyəsində olub.

Müqayisə üçün qeyd edək ki, həmin dövrdə ABŞ Aİ-yə 18,4 milyard kubmetr, Norveç isə 23,6 milyard kubmetr qaz tədarük edib. Beləliklə, Rusiya qaz tədarükü üzrə Aİ-nin üçüncü əsas tərəfdaşı olub.

Ümumilikdə, mart ayında Avropanın LNG idxalı təxminən 13,2 milyard kubmetr təşkil edib. Bu, fevral ayı ilə müqayisədə 23,5%, ötən ilin martı ilə müqayisədə isə 28% çoxdur. 2025-ci ilin əvvəlindən bəri Aİ ölkələrinin LNG idxalı ümumilikdə 14% artaraq 35,5 milyard kubmetrə yüksəlib.