BAKI, 11 aprel. TELEQRAF

Tacikistanda gecə saatlarında elektrik enerjisinin verilməsinə tətbiq edilən məhtudiyyətləri bu gedəcən ləğv ediləcək. Bu, yaz fəslinin gəlişi və ölkənin su elektrik stansiyalarında enerji istehsalının artması ilə əlaqədardır.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistanın Energetika və Su Ehtiyatları Nazirliyi məlumat yayıb.

“2025-ci il aprelin 11-dən etibarən ölkənin bütün bölgələrində gecə saatlarında elektrik enerjisinin verilməsinə tətbiq edilən məhdudiyyətlər ləğv edilib. Vaxş çayında su axınının artması və Vaxş kaskadındakı elektrik stansiyalarında enerji istehsalının çoxalması sayəsində yaxın günlərdə sakinlərə limitsiz elektrik enerjisi veriləcək,” — deyə Nazirliyin “Telegram” kanalında paylaşdığı məlumatda bildirilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayının sonunda ölkənin milli enerji şirkəti “Barki Tojik” qış aylarında respublikada yağıntının az olması səbəbindən Vaxş çayının formalaşdığı bölgələrdə su ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasını əsas gətirərək elektrik enerjisinin verilməsinə məhdudiyyətlərin tətbiq olunduğunu elan etmişdi. Mütəxəssislər payız və qış aylarında elektrik enerjisi çatışmazlığının 1 milyard kilovat-saatdan çox olacağını proqnozlaşdırırdılar. Tacikistanda elektrik enerjisinin təxminən 98%-i su elektrik stansiyalarında istehsal olunur.

Ötən ilin dekabr ayında isə Tacikistan Prezidenti Emoməli Rəhmon bəyan etmişdi ki, hələ də tikinti mərhələsində olan və regionun ən böyük su elektrik stansiyası olan Roqun stansiyası və digər stansiyalar vasitəsilə ölkə 2027-ci ilin yazına qədər enerji müstəqilliyinə nail olacaq.