
BAKI, 12 aprel. TELEQRAF
Lənkəran rayonunda ölüm hadisəsi olub.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Viyən kənd sakini İmran İqbal oğlu Məmmədov antibiotik iynəsi vurulduqdan sonra dünyasını dəyişib.
İ.Məmmədovun hərarəti yüksək olduğu üçün yaxınlarının təşəbbüsü ilə ona qonşusu tərəfindən ev şəraitində antibiotik iynəsi vurulub. Lakin iynədən sonra İmran Məmmədovun halı qəfil pisləşib və dərhal Təcili Tibbi Yardım çağırılıb.
Həkimlər İ.Məmmədovun həyatını xilas edə bilməyib və həkiməqədər ölüm halı qeydə alınıb.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəyə əsasən, ölümün dəqiq səbəbi məlum olacaq.
Qeyd edək ki, İmran Məmmədov bir müddət yerli televiziya kanalında operator vəzifəsində çalışıb, toy və tədbirlərdə video çəkilişlər edib.
Faktla bağlı araşdırma aparılır.