BAKI, 7 mart. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq qiymətləri indeksinin fevralda orta hesabla 127,1 bənd təşkil etdiyini açıqlayıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

Teleqraf xəbər verir ki, yanvarla müqayisədə ərzaq qiymətləri 1,6% qalxıb.

Bir sıra əsas ərzaq mallarının dünya qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO-nun fevral ayı indeksi 2022-ci ilin martındakı pik nöqtəsindən 20%-dən aşağıdır.

Taxılın qiymət indeksi də yüksəlməkdə davam edir. Fevralda qiymətlər yanvarla müqayisədə 0,7% artıb. Lakin keçən ilin fevralına nüsbətdə 1,1% ucuzlaşma var.

Təşkilata görə, buğdanın ixrac qiymətlərinin artması Rusiya Federasiyasının ixracın həcmini məhdudlaşdırması ilə bağlıdır.

"Bu, dünya qiymətlərinə təzyiq göstərir”, - deyə FAO-nun bəyanatında deyilir. Bildirilir ki, qiymət artımını şərtləndirən əlavə amil Avropa, Rusiyavə ABŞ-nin bəzi bölgələrindəki əlverişsiz hava şəraiti ilə bağlıdır. Bu da məhsuldarlığa təsir göstərib.

FAO-nun hesabatında qeyd edilir ki, fevralda süd məhsullarının qiymət indeksi yanvara nisbətən 4% artıb. Bir il əvvəllə müqayisədə isə bu artım 23,2% təşkil edib.

Şəkərin qiymət indeksi isə fevralda yanvar ilə müqayisədə 6,6% artıb.