BAKI, 8 mart. TELEQRAF

Tarix boyu ağır fiziki işlərlə əsasən kişilər məşğul olub. Lakin dövr dəyişdikcə bu stereotiplər qırılıb, cəmiyyətin müxtəlif sahələrində qadınların rolu güclənib. 30 ildir ki, yol montyoru kimi Azərbaycan Dəmir Yollarında çalışan Kifayət İsgəndərovanın şəxsi həyat təcrübəsi göstərir ki, qadınlar istək və əzmkarlıqla ən çətin işlərdə belə çalışa bilərlər. Kifayət İsgəndərova ilə müsahibəni təqdim edirik.

- Peşə seçiminizin səbəbi nə idi? Bu işdə sizi ən çox nə motivasiya edir?

-1996-cı ildə dəmir yolunda işə başladım. Əvvəllər mühasib idim, lakin müəyyən səbəblərə görə bu sahəyə yönəldim. İlk vaxtlar seçimim ehtiyacdan irəli gəlsə də, zamanla işimi sevdim. Artıq 30 ildir ki, kişi həmkarlarımla çiyin-çiyinə yol montyoru kimi çalışıram. Mənim üçün çətin iş yoxdur, sadəcə, işi çətinləşdirmək var. Əgər işinə həvəslə yanaşsan, hər çətinliyin öhdəsindən gəlmək mümkündür.

-İşinizin ən çətin və eyni zamanda maraqlı tərəfi nədir? Unudulmaz bir iş günü xatirənizi bizimlə bölüşə bilərsinizmi?

-Ən çətin anlarımız qış aylarında olur. Qar yolu bağlayanda biz onu təmizləməli, relslərin təhlükəsizliyini təmin etməliyik. Yolun hər an işlək vəziyyətdə olması bizim əsas vəzifəmizdir. Çünki qatarların vaxtında və təhlükəsiz hərəkəti bizim işimizdən asılıdır.

Bir dəfə rels üzərində işləyərkən bir anlıq xəyala dalmışdım və qatarın yaxınlaşdığını hiss etməmişdim. Birdən kiminsə qışqırığını eşitdim və ani reaksiya verdim. O an həyatımın ən təhlükəli məqamlarından biri idi. Həmin gündən sonra iş zamanı diqqətli olmağın nə qədər vacib olduğunu bir daha dərk etdim.

-Qadın olaraq kişi həmkarlarınız arasında işləmək hansı hissləri yaradır? Sizə xüsusi münasibət göstərildiyini hiss edirsinizmi?

-Kişilərlə bir sırada işləmək onlarla çiyin-çiyinə olmaq insana güc verir. Həmkarlarım məni ana-bacı kimi görür, mənə hörmət edirlər. İşimiz ağır olsa da, kollektivdə xoş münasibət mənə əlavə motivasiya verir.

-Bu sahədə çalışmaq istəyən digər xanımlara hansı tövsiyələri verərdiniz?

-Dəmir yolu sahəsi çətindir, amma bu, qadınların burada işləyə bilməyəcəyi anlamına gəlmir. Qadın istəsə, hər şeyi bacarar. Ailə və iş həyatını tarazlamaq mümkündür. Mən tək övlad böyütmüşəm, eyni zamanda işimə məsuliyyətlə yanaşmışam. Tövsiyəm budur ki, əgər bir sahəni sevirsinizsə, çətinliklər sizi qorxutmasın!