BAKI, 7 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan idxal edilən bəzi məhsullara 25%-lik gömrük rüsumunu bir ay müddətinə təxirə salmaqla bağlı fərman imzalayıb.

Teleqraf xəbər verir ki, o, bu addımın qısamüddətli olduğunu və bazar reaksiyaları ilə əlaqədar olmadığını bildirib.

Ağ Evdən verilən məlumata görə, tariflərin məqsədi fentanil qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizədir.

Yeni qərara əsasən, Meksikadan idxal edilən və 2020-ci il ABŞ-Meksika-Kanada Müqaviləsinə (USMCA) uyğun gələn mallar 25%-lik tarifdən müvəqqəti azad olunacaq.

Kanadadan gətirilən avtomobillər və avtomobil hissələri üçün də eyni qayda tətbiq ediləcək. Bununla yanaşı, kanadalı fermerlərin ixrac etdiyi bəzi məhsullara, o cümlədən kalium və enerji məhsullarına 10%-lik rüsum qüvvədə qalacaq.

Kanada isə ABŞ-nin bəzi tarifləri təxirə salmasına baxmayaraq, öz cavab tədbirlərini qüvvədə saxlayacağını açıqlayıb.

Ölkənin ilk tarif dalğası 30 milyard Kanada dolları dəyərində ABŞ məhsullarına şamil olunub. Bu məhsullara portağal suyu, fıstıq yağı, qəhvə, ayaqqabılar və motosikletlər daxildir.

Kanadanın maliyyə naziri Dominik Le Blanc bildirib ki, ABŞ məhsullarına tətbiq ediləcək 125 milyard Kanada dolları məbləğində ikinci tarif dalğası müvəqqəti olaraq dayandırılıb. Lakin üç həftə ərzində bu tariflərin yenidən qüvvəyə minəcəyi gözlənilir.

Ontario əyalətinin baş naziri Doug Ford isə bazar ertəsindən etibarən Minnesota, Nyu York və Miçiqan ştatlarına göndərilən elektrik enerjisinin qiymətinə 25%-lik əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb. O, Trampın tarifləri ləğv edənə qədər Kanadanın sərt mövqe sərgiləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Tramp bir aydan sonra tariflərin yenidən qüvvəyə minib-minməyəcəyi ilə bağlı açıqlama verməyib. O, ABŞ-nin uzunmüddətli perspektivdə bu ticarət strategiyasından güclü çıxacağını bildirib.